Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Londonda Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, toplantı çərçivəsində "Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi" mövzusunda investisiyaya baxış sessiyası keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə rəhbəri Natali Mouravidzenin moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Sultanov, "Masdar" şirkətinin baş maliyyə direktoru Mazin Xan, "McKinsey & Company" şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsin regional əməkdaşlıq, yaşıl enerji keçidi, dövlət-özəl sektor tərəfdaşlığı və digər məsələlər barədə sualları cavablandırıblar.
Sessiyada regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın enerji habı kimi strateji mövqeyi vurğulanıb. Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub.
Vurğulanıb ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş razılaşmalar yaşıl enerjiyə keçid sahəsində regional əməkdaşlığı təşviq edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, bərpaolunan enerji resursları yerli və xarici investorları cəlb edir. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdə özəl sektor fəal iştirak edir.
Bildirilib ki, ölkəmizin sənaye zonalarının enerji təchizatında yaşıl enerjidən istifadə, bu sahədə istehsalın lokallaşdırılması və bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşları önəm kəsb edir.
Sessiyada qeyd olunub ki, Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir və ölkəmiz bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır. Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir.
Vurğulanıb ki, Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir. Ələt Azad İqtisadi Zonasında tranzit və sənaye zonalarının sinerjisi yaradılıb. Bu da regionun iqtisadi-ticarət potensialının artırılmasına xidmət edir.
Sessiyada investorlar ölkəmizlə rəqəmsal iqtisadiyyat, yaşıl enerji keçidi, logistika, sənaye kimi sahələrdə fəal əməkdaşlığa dəvət olunublar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində "Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi" mövzusunda investisiyaya baxış sessiyasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın strateji mövqeyini vurğuladıq. Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işləri diqqətə çatdırdıq".
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) (@EBRD) İllik Toplantısı çərçivəsində "#Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi" mövzusunda investisiyaya baxış sessiyasında iştirak etdik. Regional #iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin… pic.twitter.com/TXzpOdRK10
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Dövlət xidmətləri sadələşdirilir - İqtisadi Şuranın iclasında yeni tapşırıqlar verildi
- III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib
- Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyi fəaliyyətə başlayacaq
- Nazir: "Azərbaycan və Özbəkistan ildə 1 milyard dollarlıq ticarət hədəfləyir"
- Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq