Neft İxrac edən ölkələr təşkilatı (OPEC) yaranmasının 60 illiyini qeyd edir. 1960-cı il sentyabrın 10-14-də İraqın paytaxtı Bağdadda keçirilən toplantıda neft ixrac edən 5 dövlət (İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela) OPEC-i yaradıb. Təşkilatın qurucu üzvləri 5 dövlət olsa da sonradan üzvlərin sayı artıb. Hazırda dünya neft bazarının yarısına nəzarət edən bu təşkilatın 12 üzvü var.
OPEC-in ilk quruluş məqsədi neft qiymətlərini və bazarı tənzimləmək olsa da, bu məqsədə ilk illərdə nail olmaq çətin olur. Bu, yalnız 1973-cü il “Youm Kippur” müharibəsindən sonra tətbiq olunan neft embarqosu nəticəsində mümkün olur.
Təşkilatın ideya müəllifi və qurucusu həmin vaxt Səudiyyə Ərəbistanının neft naziri postunu tutan Şeyx Əhməd Zəki Yamani olub. Daha sonra 1962-ci ildə OPEC-ə sədr seçilən Yamani 1986-cı ilə qədər bu təşkilata rəhbərlik edir. Bu, təşkilatın tarixində ən parlaq və təsirli dövr hesab olunur.
Təşkilatın ilk mərkəzi ofisi Cenevrədə yerləşib, ancaq 5 ildən sonra baş qərargah Avstriyanın paytaxtı Vyanaya köçürülüb və bu gün də orda qalmaqdadır. 2016-cı ildən bu yana OPEC-in baş katibi postunu Nigeriyadan olan Məhəmməd Barkindo tutur.
OPEC yaradılana qədər düyada neft qiymətlərini müəyyən edən və bazara nəzarət edən “Yeddi bacı” adı verilən Qərb ölkələrinin 7 böyük neft şirkəti olub. Bunlar: “Exxon”, “Mobil”, “Chevron”, “Gulf”, “Texaco” (ABŞ), eləcə də Hollandiya-İngilis birgə şirkəti olan “Shell” və Böyük Britaniyanın BP şirkətləri idi. Ancaq İkinci Dünya müharibəsəsindən sonra neft istehsal edən ölkələrin sayı artmaqla yanaşı, bir sıra ölkələr neft sənayesini milliləşdirir. Bu zaman bazara diktə edən Qərb şirkətləri ilə milli neft istehsalçısı ölkələr arasında münaqişə yaranır. Nəticədə OPEC yaradılır.
OPEC-in yaranması ilə bazarda tədricən söz sahibi neft istehsalçısı olan ölkələr olmağa başlayır. Bunun ən bariz nümunəsi isə 1973-cü il Ərəb-İsrail müharibəsi olur. ABŞ-ın “Youm Kippur” müharibəsində İsrailə açıq dəstək verməsinə cavab olaraq OPEC ölkələri ABŞ və Avropa ölkələrinə qarşı neft embarqosu elan edir. Nəticədə dünyada birinci neft böhranı baş verir və 1973-cü ilin əvvəlində 1 bareli 2,8 dollara satılan neft 1 ildən sonra beynəlxalq bazarda 10,4 dollara satılmağa başlayır. Bununla da müsəlman ölkələrində neft bumu baş verir.
OPEC tarixində daha bir maraqlı hadisə 1975-ci ildə “Çaqqal Karlos” ləqəbli İliç Ramires Sançesin rəhbərlik etdiyi terrorçu qrup Vyanada OPEC-in qərargahına hücum edərək təşkilatın sədri Yamanini girov götürür.
Lakin OPEC-in tarixində ikinci mühüm hadisə 1980-ci illərdə olur. İranda İslam inqilabının baş verməsi və ardınca İraqın İrana hücum etməsi nəticəsində başlayan müharibə neft bazarını “vurur”. 1980-ci ildə artıq neft dünya bazarında 40 dollara yüksəlir. Lakin sonrakı illərdə neft qiymətləri kəskin şəkildə ucuzlaşır. Brent markalı neft 80-ci illərdə 8,75 dollara enir. Ancaq 1990-cı ilin yayında Küveytin İraq tərəfindən işğalı və 1991-ci ildə İraqa qarşı beynəlxalq koalisiyanın hərbi müdaxiləsi neft bazarında qiymətləri də “alovlandırır”, qiymətlər 42 dollara yaxınlaşır. 1997-1999-cu illərdə dünya böhranında neft yenidən 10 dollara enir, lakin bu, qısa müddətdə olur və neft yenidən bahalaşır. 2008-ci ildə isə neftin bir barelinin qiyməti ən pik həddə - 148 dollara yaxınlaşır. Və ardınca baş verən beynəlxalq maliyyə böhranında “qara qızılın” qiyməti də yenidən ucuzlaşır.
Bütün bu proseslərin mərkəzində isə OPEC dayanıb. Hazırda təşkilatın tərkibinə 13 ölkə daxildir. Bunlar İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Qabon, Anqola, Ekvatorial Qvineya və Konqodur. Lakin bu siyahı sabit deyil, bəzi ölkələr OPEC-in qiymət siyasətinə etiraz olaraq təşkilatı tərk edib.
OPEC-in əsas misisyası üzv ölkələrin neft siyasətinin koordinasiya etmək, üzv ölkələrin maraqların qorunması üçün effektiv və individual vasitələrin yaradılması, neft qiymətlərini sabit saxlamaq, OPEC üzvü olmayan neft ixrac edən ölkələrlə əməkdaşlıqdır.
Qeyd edək ki, son illərdə OPEC-ə üzvü olmayan ölkələr - Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan - təşkilatla “OPEC plus” formatında əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Xüsusən də ötən illərdə və bu ilin əvvəlində Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlıq göstərdi ki, dünya neft ixrac edən ölkələr arasında bazara nəzarət mexanizmi qaçılmazdır.
Rəşad Quliyev