Dövlət Neft Şirkətində (SOCAR) işə qəbul olmaq üçün nədən başlamalıyıq?
Şirkətdə çalışmaq istəyən şəxsləri əsasən prosesə necə qoşula biləcəkləri maraqlandırır. İlk növbədə vakansiya olduqda şirkətin careerssocar.az saytına yerləşdirilir. Vakansiya üzrə CV göndərən hər bir şəxsə “müraciətiniz qəbul edildi” şəklində mesaj gəlir. Bundan sonra CV-lər dəyərləndirilir və vakansiyaya uyğun bütün namizədlər imtahana dəvət edilir. Nəhayət, imtahandan uğurla keçmiş şəxslər ikinci mərhələdə iştirak etmək şansı əldə edirlər.
Bəs, proses tam detalları ilə necə irəliləyir?
Oxu.Az olaraq, SOCAR-da işə qəbul prosesinin hansı mərhələlərdə həyata keçirildiyini araşdırmaq üçün birbaşa normativlər əsasında peşə sınaq imtahanı və müsahibədə iştirak etdik.
Bu məqsədlə Bakı Olimpiya Stadionuna yollandıq. Burada imtahan mərhələsindən keçmiş namizədlərin fiziki hazırlıqları normativlər əsasında yoxlanılır və daha sonra müsahibə mərhələsinə başlanılır. Hazırda atıcı (mühafizəçi) vakansiyası üzrə müraciət edən namizədlərin işə qəbulu həyata keçirilir.

SOCAR-ın Təhlükəsizlik idarəsinin insan resursları şöbəsinin rəisi Misir İsmayılov prosesi və Dövlət Neft Şirkətində mühafizəçi kimi çalışmağın əhəmiyyətindən danışır. O deyir ki, ilk növbədə prosesin tamamilə şəffaf keçirilməsinə diqqət yetirilir. Onun sözlərinə görə, şirkətdə çalışmaq istəyənlər xüsusilə dələduzların tələsinə düşməkdən qaçınmalıdırlar:
“İnsanlardan CV hazırlamaq üçün ödəniş tələb edirlər. Daha sonra bu sənədin mütləq qəbul olunacağını deyir və buna görə də ödəniş alırlar. Lakin nəzərə alın ki, istənilən şəxsin CV-i SOCAR-a daxil olduqda ona “müraciətiniz qəbul edildi” formasında bildiriş göndərilir. Sırf bu bildirişi əsas götürərək insanlara artıq sənin işinə baxılacaq deyirlər. Həmçinin, ödəniş tələb etməklə test suallarını da təqdim edəcəklərini bildirirlər. Lakin, onsuz da test sualları SOCAR-ın saytında yerləşdirilir”.

Misir İsmayılovun sözlərinə görə, SOCAR-ın nəzarətində olan bütün müəssisələr stratejik obyektlər olduğundan və burada tez alışmağa meyilli maddələr saxlanıldığından obyektin mühafizəsini təmin etmək böyük məsuliyyət və hazırlıq tələb edir.

“Hazırkı vakansiya üzrə imtahan mərhələsindən keçən 144 nəfərdən 40 nəfərin SOCAR-da işlə təmin olunması gözlənilir”
SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəis müşaviri Səbuhi Şəldiyev deyir ki, konkret vakansiya üzrə 725 nəfər müraciət edib və onlardan 691 nəfər test imtahanına çağırılıb:
“Stadionda isə test mərhələsindən keçmiş 144 nəfərin fiziki göstəriciləri peşə sınaq imtahanı çərçivəsində yoxlanılır və onlar növbəti - müsahibə mərhələsinə keçirlər. Hər gün 30 namizədin göstəricilərinə baxılır. Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir”.
Prosesin şəffaflığını təmin etmək məqsədilə imtahan həm SOCAR-ın İnsan Resusrları Departamentinin, həm də şirkətin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən izlənilir.

Burada minimum normativlər mövcuddur: ən azı 6 dəfə turnikdə dartınmaq və 100 metr məsafəni ən gec halda 16 saniyəyə qət etmək. Əgər, turnikdə 6 dəfədən az nəticə göstərsəniz, növbəti - qaçış mərhələsinə buraxılmırsınız. Qaçış mərhələsində isə 100 metr məsafəni 16 saniyədən gec qət etsəniz, müsahibə mərhələsinə keçidiniz təmin edilmir.


Peşə sınaq imtahanı çərçivəsində prosesi izləyərkən diqqətimi çəkən SOCAR əməkdaşlarının namizədlərə bu mərhələdə verdikləri motivasiya və dəstək oldu. “Daha cəld ol, tez qaç, davam et, dayanma....” - kimi çağırışlar istənilən halda namizədlərin müsahibə mərhələsinə keçidinə stimul yaradır.

Minimum göstəriciləri təqdim edə bilməyənlərdən isə hər hansı bir iradının və ya sualının olub-olmadığı da soruşulur. Düzü, nəticəni göstərə bilməyənlərin hər hansı bir iradının olduğunu müşahidə etmədik, çünki tələblər çox sadə idi. Beləliklə, kiçik olimpiya oyunları ab-havasında keçən peşə sınaq imtahanından sonra minimum göstəriciləri əldə edən namizədlərin sahə üzrə bilik və davranış səriştələri müsahibə zamanı qiymətləndirilir.

“Proses necə lazımdırsa, elə də həyata keçirildi. Hər hansı bir qeyri-qanuni proses müşahidə etmədim”
Müsahibədə iki nəfər SOCAR əməkdaşı iştirak edir. Müşahidə etdiyimiz müsahibə isə təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elçin Qurbanov və müvafiq idarənin insan resursları şöbəsinin rəisi Misir İsmayılov tərəfindən həyata keçirilirdi. Suallar iki istiqamətdə idi: şəxsin mühafizə bilikləri - mühafizə, fövqəladə hallar, yanğın təhlükəsizliyi və s. yoxlanılırdı və insan resursları şöbəsinin nümayəndəsi beş kriteriya üzrə namizəddə nizam-intizam, etik davranış, dürüstlük, şifahi özünüifadə, həmçinin onun vakansiyaya marağını ölçürdü. Qiymətləndirmə 5 ballıq bölgü üzrə aparılır. Müsahibədən keçmək üçün minimum 3 bal lazımdır.

Müsahibədə iştirak edən namizəd Rəsul Məmmədli bizə vakansiya üzrə necə müraciət etdiyindən danışır:
“SOCAR-ın saytında mühafizəçi üzrə vakansiyaya rast gəldim və CV göndərdim. Bu zaman müraciətimin qəbul olunduğu barədə bildiriş aldım. Daha sonra məni imtahana çağırdılar. 20 sual verildi və onlardan 15-ni cavablandırdım. Suallar asan idi. İmtahan kompüter vasitəsilə keçirilirdi. 20 suala 40 dəqiqə vaxt verilmişdi. Proses necə lazımdırsa, elə də keçirildi. Hamı öz bildiyini yazdı və imtahandan çıxdı. Hər hansı bir qeyri-qanuni proses müşahidə etmədim”.

Nəzərə alın ki, fiziki cəhətdən bütün normativlərə cavab verə bilsəniz də, müsahibədə də özünüzü təsdiq etməlisiniz. Müsahibədə yaxşı nəticə göstərmək üçün həm sualları diqqətlə dinləməli və təmkinli olmalı, həm də təqdim edilən problemli hadisələrlə bağlı çıxış yollarınız çox olmalıdır. Eyni zamanda alternativ çıxış yolları barədə də fikir irəli sürməli və qərar verməyi bacarmalısınız. Burada sizin fərqli situasiyalarda davranış və vəziyyətdən çıxış yollarınız öyrənilir. İstiqamət eyni olsa da, bir gün ərzində verilən suallar növbəti gün müsahibədə təkrarlanmır. Bir müsahibə təxminən 15 dəqiqədən 25 dəqiqəyə uzana bilir.

Müsahibə mərhələsinə keçən növbəti namizəd Elvin Lətifov deyir ki, vakansiyalarla və test üzrə imtahan sualları ilə SOCAR-ın rəsmi saytında tanış olub:
“SOCAR-ın vakansiyaları ilə saytdan tanış oldum və davamlı izləməyə başladım. Saytdan əldə etdiyim suallar üzrə imtahana hazırlaşdım və iştirak edib növbəti mərhələyə keçdim. İlk dəfədir ki, SOCAR-a müraciət edirəm”.
Bizə verilən məlumata görə, SOCAR-da mühafizəçi kimi fəaliyyət göstərən şəxslərin əməkhaqqısı 600-700 manat arasında dəyişir və iş saatına, dəyişən fəaliyyət şəraitinə görə əməkhaqqı daha da yüksək ola bilir.
Qeyd edək ki, SOCAR üzrə yaranan vakant yerlərə ilk növbədə şirkətin öz əməkdaşlarının o, cümlədən boşdayanmada olan və sərbəstləşən işçilərin qəbulu həyata keçirilir. Artıq bir neçə əməkdaş SOCAR tərkibində fəaliyyət istiqamətini dəyişərək, Təhlükəsizlik İdarəsində dayanıqlı işlə təmin olunub. Bununla belə sərbəstləşən işçilərin bəziləri Təhlükəsizlik İdarəsinin peşə tələblərini qarşılamadığından və ya özləri fəaliyyət istiqamətini dəyişmək istəmədiyindən vakant yerlərə kənardan işə qəbul həyata keçirilir.
Nigar Məmmədova
FOTO: Firudin Səlimov