“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin kredit reytinqini "B-/B" səviyyəsindən “ССС+/С” səviyyəsinədək endirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.
“Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir”, - deyə agentliyin açıqlamasında deyilir.
Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti “Muğanbank”ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.
S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. “Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksəklikvidli aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır”, - deyə məlumatda vurğulanıb.
“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir ki, 2016-cı ildə “Muğanbank” ASC-nin aktivlərinin keyfiyyəti pisləşib, problemli kreditlərin ümumi portfeldəki payı 15%-ə yüksəlib, portfelin 10%-i isə restrukturizasiya olunmuş kreditlərin payına düşüb.
Agentliyin analitikləri hesab edir ki, 2017-2018-ci illərdə bankda problemli kreditlərin artım tempi azalacaq. Buna baxmayaraq, S&P-nin proqnozlarına əsasən, 2017-ci ilin sonuna problemli kreditlərin ümumi portfeldəki payı 20%-ə çatacaq, restrukturizasiya olunmuş kreditlərin portfeldəki payı isə 10-12% təşkil edəcək.
“Muğanbank” ASC-nin ötən ili 12 mln. manatlıq zərərlə başa vurmasından sonra bankın kapitallaşması ciddi təzyiqlə üzləşib.
Agentliyin proqnozuna əsasən, bankın kapitallaşması yaxın 2 il ərzində ciddi təzyiq altında qalacaq: “Bundan başqa, bank 2017-ci ili də zərərlə başa vuracaq”.
Bununla yanaşı, S&P səhmdarların banka verdiyi dəstəyi müsbət qiymətləndirir. Belə ki, səhmdarlar ötən il bankın nizamnamə kapitalını 25 mln. manat artırıb.
E.Ə.
www.oxu.az