Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd müvafiq İşçi Qrupunun rəhbərliyi altında artıq yekunlaşıb və bu il qəbul ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlının sözlərinə görə, hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir:
“Eyni zamanda Strateji yol xəritəsinin gələcək 10 ildən artıq bir müddətdə vacib əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır.
Qeyd edək ki, Strateji yol xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq ki, bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilir. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib.
Strateji yol xəritəsi iqtisadiyyatın 11 əsas sektoru ilə yanaşı, həm də ümumi iqtisadi mühiti ehtiva edən milli iqtisadiyyat perspektivini də əhatə edir.
Ümumilikdə, milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji yol xəritəsi 12 sənəddən ibarətdir.
Strateji baxış və yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə təfsilatlı birillik yol xəritəsi, 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxışından ibarətdir.
Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir.
Seçilmiş prioritetlərə qısamüddətli dövrdə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın fundamenti qoyulacaq. Strateji yol xəritəsi iqtisadi inkişafa töhfə verən bütün aktorlar, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcəkdir.
Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi özəl sektor olacaqdır. Strateji yol xəritəsinin inklüziv hazırlanma prosesi onun icrasında bütün tərəflərin iştirakının təmin edilməsini əsaslandırır”.
U.A.
www.oxu.az