Türkiyə Statistika Qurumunun məlumatına görə, təkcə sentyabr ayında azərbaycanlılar bu ölkədən 56 ədəd mənzil alıblar. Cari ilin yanvar-sentyabr aylarında isə türklər azərbaycanlılara cəmi 568 ədəd mənzil satıb.
Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etməsi bu ölkənin mənzil bazarına necə təsir göstərəcək? Bu ölkədən mənzil almaqda maraqlı olan vətəndaşlarımız Türkiyə mənzil bazarına investisiya etməkdə davam etməlidirlərmi? Bu bazarı nə gözləyir?
Oxu.Az-ın bu suallarına iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirib.
İqtisadçının sözlərinə görə, azərbaycanlılar Türkiyədə təkcə, kommersiya məqsədilə mənzil almırlar:
“Digər MDB ölkələrində olduğu kimi Türkiyənin mənzil bazarına marağın artmasına səbəb ölkədə qiymət azalmalarının müşahidə edilməsidir. Elə bu səbəbdən, Türkiyənin mənzil bazarı cəlbedici hesab edilir. Apardığımız tətqiqatlar göstərir ki, övladları Türkiyədə oxuyan vətəndaşlarımız mənzil almağa üstünlük verirlər və düşünürlər ki, onlar kirayə haqqı ödəməkdənsə, mənzil alsın orda qalsınlar. Təsilini başa vurduqdan sonra onlar mənzil sata və ya kirayə verə bilərlər.
Xüsusən, yay dövründə Türkiyəyə gedib və orda qalıb yaşayan vətəndaşlarımız mənzil alır. Yəni, yalnız kommersiya məqsədilə deyil, qeyri-kommersiya məqsədilə də mənzillərin alınması baş verir”.
İqtisadçı qeyd edib ki, bazarda növbəti qiymət azalmaları gözlənilmir:
“Region, eləcə də Türkiyə mənzil bazarında qiymət azalmalarının olmasına baxmayaraq biz proqnozlaşdırırıq ki, növbəti qiymət azalmaları gözlənilmir. Bu isə onunla bağlıdır ki, xüsusən bir sıra ərəb ölkələrindən Türkiyəyə gəlib, bu ölkənin iri şəhərlərinən mənzil almaq istəyənlərin sayında artımlar var.
Bildiyiniz kimi Türkiyə xaricilərin mənzil almasına qoyduğu qadağalar aradan qaldırılıb, xaricilər qeyri-rezidentlə mənzil ala bilərlər. Bu isə ərəb ölkələrindən xeyli kapitalın Türkiyənin mənzil bazarına daxil olmasına imkan verib.
Son Türkiyədə keçirilən parlament seçkilərində hakim partiyanın mütləq üstünlüyə malik olması Türkiyə mənzil bazarına marağı artırıb, güman edilir ki, xüsusən xaricilərin, ərəb ölkələrindən investisiyaların həcmində artımlar olacaq. Bu da qiymət artımlarına gətirib çıxara bilər”.
Ekspert bildirib ki, Türkiyə həssas ölkədir, istənilən terror hadisəsi bu ölkənin mənzil bazarına xaricilərin marağının azalmasına səbəb ola bilər:
“Bununla belə, Türkiyə həssas ölkədir. Türkiyənin ətrafındakı qonşu ölkələrdə, regionda vəziyyətin pis olduğunu nəzər alsaq, uzunmüddətli dövr üçün Türkiyədə mənzillərin qiymətinin artacağı ilə bağlı proqnoz vermək çətindi, çünki istənilən terror hadisəsi Türkiyənin iri şəhərlərində mənzilə marağı azaldır. Bu artıq xaricilərin belə Türkiyə mənzil bazarına investisiya etməsində müəyyən tərəddüdlərin yaranmasına gətirib çıxardır”.
“Hazırda isə Türkiyənin mənzil bazarı stabil qiymətləndirilir”, - deyə ekspert əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az