Qlobal miqyasda yaşanan geosiyasi gərginlik və neftin bahalaşması fonunda Yunanıstanın yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-95 markalı benzinin bir litrinin orta qiyməti 2.16 avroya, dizel yanacağının qiyməti isə 2.14 avroya qədər yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə paytaxt Attika vilayətinin Yanacaqdoldurma Məntəqələri Sahibləri Assosiasiyasının prezidenti Nikos Papageorgiu məlumat verib.
"Naftemporiki" qəzeti Nikos Papageorgiuya istinadən yazıb:
"Əksər YDM-lərdə Aİ-95 benzinin bir litrinin qiyməti 2.10 avronu keçib və bəzi hallarda 2.20 avro təşkil edib.
2025-ci ildəki orta hesabla qiymət 1.68-1.75 avro idi. Ölkə üzrə Aİ-95 benzininin orta qiyməti 2.16 avro, dizel isə 2.14 avro səviyyəsindədir. Geosiyasi böhranlar neftin qiymətini yüksək həddə saxladığı üçün bu təzyiq beynəlxalq bazarlardan birbaşa yanacaqdoldurma məntəqələrinə ötürülür və burada yanacağın dəyəri demək olar ki, hər gün artır".
N.Papageorgiunun sözlərinə görə, Yunanıstanın şimal bölgələrində vəziyyət daha ciddidir, çünki yanacağın cənubdan daşınması xərcləri son qiymətləri daha da bahalaşdırır. Qonşu Şimali Makedoniyadakı YDM-lərdə qiymətlərin daha ucuz olması səbəbindən sərhədyanı ərazilərdə yaşayan bir çox yunanlar avtomobillərinə yanacaq doldurmaq üçün sərhədi keçməyə məcbur olurlar. Assosiasiya rəhbəri bu fasiləsiz bahalaşmanı Yaxın Şərqdəki geosiyasi vəziyyət və hələlik heç bir diplomatik həll yolunun görünməməsi ilə əlaqələndirib. O, həmçinin beynəlxalq şirkətlərin proqnozlarına istinad edərək bildirib ki, böhran dərinləşərsə, neftin bir barelinin qiymətinin 120 dollara qədər artması ssenariləri istisna edilmir.
Assosiasiya prezidenti xəbərdarlıq edib ki, beynəlxalq bazarlardakı mövcud tendensiya davam edərsə, yunanıstanlıların vəziyyəti daha da ağırlaşacaq. Əsas çətinliklər bir aydan sonra - evlərin isidilməsi üçün mazut tədarükü başlayanda ortaya çıxacaq. Papageorgiu "qışda insanların donmaması" üçün hökuməti yaşayış evlərinin istiliyini təmin edən mazutun qiymətini məqbul səviyyədə saxlamaq məqsədilə sanballı subsidiyalar ayırmağa çağırıb.