2014-cü ilin iyun ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 34-ü mənfəətlə, 10-nu zərərlə işləyib. Halbuki, ötən ilin analoji dövründə, həmçinin bu ilin yanvarında 38 bank mənfəətlə, 5-i zərərlə işləyib. Bu ilin aprelində isə 11 bank zərərlə işləyib, yəni mayda zərərlə işləyən bankların sayı azalıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, 2014-cü ilin yanvar-may ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 237,48 milyon manat, zərərlə işləyən banklar üzrə bank sektorunun zərəri isə 32,57 milyon manat təşkil edib. Nəticədə bank sisteminin yekun mənfəəti 204,91 milyon manat təşkil edib, bu da 2013-cü ilin mayı ilə müqayisədə 49% çoxdur.
Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin may ayı ilə müqayisədə 4 dəfə çoxdur. Belə ki, ötən ilin mayında zərərlə işləyən banklar üzrə zərər 8,12 milyon manat təşkil edirdi.
Zərərlə işləyən banklar üzrə zərərin artmasına baxmayaraq, mənfəətlə işləyən bankların mənfəəti artıb, nəticədə də bank sisteminin yekun mənfəəti artıb. Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti ötən ilin may ayı ilə müqayisədə 92,17 milyon manat və ya 63% artaraq 237,4 milyon manat təşkil edib.
2014-cü ilin yanvarında 5 bank, martında 9 bank zərərlə işləyirdi.
Azərbaycanda axırıncı dəfə 11 bank zərərlə 2014-cü ilin aprelində fəaliyyət göstərmişdi. 2013-cü ilin yayında isə zərərlə işləyən bankların sayı 3-ə qədər azalmışdı.
Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267,57 milyon manat mənfəətlə başa vurub.
Azərbaycanın Mərkəzi Bankı bildirir ki, zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlıdır. Bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır.