Ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, istintaqla qeyd edilən tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən ikitərəfli tonzillektomiya (boğaz ətinin götürülməsi - red.) cərrahiyyə əməliyyatının texniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionar müalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Elçin Mahmudov cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.