Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
A.Vəlizadənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi, "Gülçülük sovxozu" adlanan ərazisində baş verib.
Qəsəbə sakini - 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İ.Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, təqsirləndirilən şəxs qismində istintaqa edilib.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli