Masallı rayonunda zor tətbiq etməklə özgəsinin əmlakını talayan şəxs yaxalanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Masallı rayon polis şöbəsinin müstəntiqi Teymur Ələkbərovun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb.
Belə ki, əslən Neftçala şəhərindən olan, hazırda Boradigah qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Şakir Feyruz oğlu İsmayılov özgəsinin əmlakını talamaq məqsədilə qonşuluqda yaşayan Boradigah qəsəbə sakini, 1963-cü il təvəllüdlü Sara Nəriman qızı Kəlbiyevanın evinə girib.
O, evə girərkən maskadan istifadə edib. Şakir İsmayılov ev sahibinə qarşı zor tətbiq etməklə onun 300 manat pulunu götürüb. Daha sonra qadını vəhşicəsinə döyüb. O, qadının gözünü göyərdib, ona kəllə-beyin zədələri yetirib. Əlindəki bıçaqla qadının əlini də kəsib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsmayılov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Masallı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 181.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.