Bakının Şağan qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Elşad Şixiyev axşam saatlarında bacısına zəng edərək evlərinə dəvət edib:
"Dedi ki, Aysel adlı qız var, yemək hazırlayır, gəl bizə. Mənim ayağım sarıqlı olduğu üçün getmədim. Gecə saatlarında zəng gəldi və bildik ki, qardaşımı bıçaqlayıblar", - deyə mərhumun bacısı deyib.
Onun sözlərinə görə, Aysellə qardaşını dostu tanış edib, həmçinin qardaşı üç ay ərzində Ayselin övladına da baxıb:
"Deyilənə görə, Aysel əvvəllər həbsdə olub. Qardaşım evi sataraq onu azadlığa çıxarıb, borclarını ödəyib. Onunla ailə qurmaq istəyirdi, ev axtarırdı. Amma nəticədə, qardaşıma evi satdırdı, borca saldı. İşsiz olduğu üçün ona sex də götürmüşdü ki, işləsin".
Ətraflı süjetdə:
Avqustun 19-u saat 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü Aysel Rufullayevanın aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması nəticəsində Elşad Şixiyevin almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aysel Rufullayeva polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Avqustun 19-u saat iki radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Oxu.Az-ın məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.