Bakıda dəhşətli qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib və könüllü olaraq Xətai RPİ-nin 37-ci polis bölməsinə gələrək təslim olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, məhkəmə tibbi ekspertizasının Cəmilə Dünyamalıyevanın bədənində aşkarladığı 102 bıçaq xəsarətinin əksəriyyəti dərin olub və daxilə nüfuz edib.
31 yaşlı Mürsəl Dünyamalıyev anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Dəfələrlə ifadə verən M.Dünyamalıyev hər dəfə “əxlaqsızlıq edirdi”- deyə bildirib.
Lakin o, anasını konkret olaraq hansı fakt-sübuta görə bu şəkildə öldürdüyünü açıqlamaqdan imtina edib.
Qeyd edək ki, M.Dünyamalıyev uzun müddət idmanla məşğul olub. Şirkətlərdən birində mühafizəçi işləyən Mürsəl hadisəni törətdikdən sonra iş yerinə gəlib və iş yoldaşları ilə vidalaşıb.
Qətli törədən M.Dünyamalıyevin 31 yaşı var. C.Dünyamalıyeva isə 1962-ci ildə anadan olub. Hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.