Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu - Milli Qəhrəmanın qohumu da zərərçəkəndir
Azərbaycanda xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə inandırıb, xeyli sayda şəxsin külli miqdarda vəsaitini mənimsəyən "Smart Business Group" adlı şirkətin təsisçisi Anar Tapdıq oğlu Xəlilova hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş Anar Xəlilovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, 50-yə yaxın şəxsi ABŞ və Türkiyədə ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə onları aldadıb.
Ən çox zərərçəkmiş şəxslər Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetində təhsil almaq üçün pul verən şəxslər olub.
Zərərçəkmişlərdən biri də Milli Qəhrəman Rasim Kərimovun qardaşı oğlu, muğam müsabiqəsinin laureatı Əlfəddin Kərimovdur. Belə ki, təqsirləndirilən şəxs onun və həyat yoldaşı Aşiqə Kərimovanın 85 045 manat pulunu mənimsəyib. Anar Xəlilov özünü zərərçəkmişlərə Azər Əliyev kimi təqdim edib. O, Aşiqə Kərimovanı Ondokuz Mayıs Universitetində "Güzel sanatlar" ixtisasına qəbul etdirəcəyini, həmin pula İstanbul şəhərində ev alacağına söz verib. Amma sonradan cütlük Anar Xəlilovun dələduzluq əməlinin qurbanı olduğunu anlayıb.
Şimali Makedoniyada tutularaq Bakıya gətirilən Anar Xəlilov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, pandemiya səbəbindən işləri alınmayıb:
"Rəhbərlik etdiyim şirkətdə bəzi günlər 30-a yaxın müqavilə bağlayırdım. Pandemiya başladıqdan sonra tələbələrlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyim üçün bir gün ərzində 270 min dollar pulu geri qaytardım".
Bildirib ki, özünün ABŞ-də "Social security" kartı, Türkiyədə yaşayış icazəsi və Kanadada daimi yaşamaq icazəsi var, yəni dələduzluq etmək istəsəydi, həmin pulları alıb, rahatlıqla bu ölkələrə qaça bilərdi.
Məhkəmənin qərarı ilə Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və beş il müddətə azadlıqdan məhrum olunub.
Rəylər