Kiberdələduzluq və narkotik maddələrin dövriyyəsi kimi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə saxlanılan dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlı, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlının hakim qarşısına çıxarılıblar.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə ittiham aktı elan edilib.
İttihama görə, S.Safronov tamah niyyəti ilə D.Bezuqlı, A.Vasilçenko, V.Dulov, A.Draçov, D.Fyodorov, B.Timaşov, İ.Bezuqlı və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.
İttihamda, həmçinin qeyd olunub ki, aralarında əldə olunan ümumi razılaşmaya əsasən, S.Safronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4.153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda - 36.814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.
Sözügedən şəxslər ittihamla özlərini təqsirli bilməyiblər.
Məhkəmə təqsirləndirilənlərin ifadələri ilə işini davam etdirib.
Qeyd edək ki, S.Safronov, A.Draçov, D.Bezuqlı, D.Fyodorov, A.Vaysero, V.Dulov, A.Vasilçenko və İ.Bezuqli İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli