Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
İttiham aktına əsasən, 34 yaşlı Mirzə İbadov (şərti ad) 14 yaşlı Şakiri (şərti ad) pul qazanmaq vədi ilə şirnikləndirərək marketlərdən birini qarət etməyə cəlb edib.
Onlar gecə saat 2 radələrində supermarketlərdən birinin arxa qapısının açıq olmasından istifadə edərək içəri daxil olublar. Marketdən 800 manat dəyərində kompüter, 917 manatlıq siqaret, 15 manat dəyərində 50 ədəd alışqan və 170 manat nağd pul oğurlayıblar. Nəticədə zərərçəkənə ümumilikdə 1 902 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Mirzə İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi başlanılıb.
M.İbadov ifadəsində bildirib ki, marketdən oğurluq edərkən əvvəlcə kameraları söküblər. O, oğurladıqları siqaretləri "28 May" ərazisində satdıqlarını, əldə etdikləri pulu isə Şakirlə aralarında böldüklərini deyib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək zərərçəkəndən üzr istəyib. O, həmçinin azadlıqda qalacağı təqdirdə işləyərək dəymiş ziyanı ödəyəcəyini bildirib.
Zərərçəkən tərəf isə yalnız kompüterin geri qaytarıldığını, digər ziyanın ödənilmədiyini deyib. O, buna görə şikayətçi olduğunu bildirərək məhkəmədən ədalətli qərar verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Mirzə İbadov 3 il müddətinə azadlıqdan məhrum edilib.