Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.
Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumilikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Onların qanunsuz əməllərindən zərərçəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.