Lerik rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19.00 radələrində baş verib.
Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Arvadı 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O, evə qayıdaraq mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.
N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Lerik rayon Prokurorluğunun müstəntiqi Abdulla Abdullayev faktı təsdiqləyib. Müstəntiq bildirib ki, cütlük boşansa da, bir evdə yaşayıblar. Hadisəni törədən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Şahıyev çoban kimi tanınan Xanış kişinin oğludur. Xanış kişi 2009-cu ildə 77 yaşında vəfat edib.