Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Gəncədə 91 min ağac əkilib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, aksiyaya mart ayından başlanılıb və bu gün yekun vurulub.
Ağaclar əsasən 420 hektar ərazisi olan Heydər Əliyev parkının ətrafında əkilib. Şəhər iməciliyinə şəhərin rəhbərliyi, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, idarə və müəssisə kollektivlərinin minlərlə nümayəndəsi qoşulub. Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən kampaniya çərçivəsində 91 min ağac da siyasətçinin adını daşıyan parkda əkilib.
Aksiya zamanı əkilən ağaclar əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam və xan çinarı ağaclarıdır.
Ərazinin suvarılması üçün mövcud arxlar tullantılardan təmizlənib. Bundan başqa ərazinin avtomatik və damcı üsulu ilə suvarılması üçün işlər aparılır.