Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında F.Əhmədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
Z.Q.
www.oxu.az