Gəncə Ağır Cinayətlər Məhkəməsində dayısını bıçaqlamaqda, dayısı arvadını isə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Abbasov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Gəncə şəhərində baş verib. Şəhərin Sadıllı qəsəbəsi, İdris İsmayılzadə küçəsi ev 21-də yaşayan Rəşad Abbasov həyat yoldaşından ayrılır. Daha sonra o, ailəsi ilə barışmaq istəsə də, ailə üzvləri ona mane olurlar. Nəticədə R.Abbasov ailəsinin dağılmasında anası, qardaşı, qardaşının həyat yoldaşı, dayısı və dayısı arvadını günahkar bilir, həmin şəxsləri öldürmək qərarına gəlir.
O, bu məqsədlə mağazadan ov bıçağı alaraq əvvəlcə anası, qardaşı və qardaşı arvadını qətlə yetirmək üçün evlərinə gəlsə də, heç kimi tapmır. Daha sonra o, bıçağı da özü ilə götürərək dayısıgilə yollanır. R.Abbasov dayısının evinə girir və öncə dayısı ilə qarşılaşır. O, bıçaqla dayısına xəsarət yetirmək istəyərkən dayısı yıxılır və qolu qırılır. Kişini köməksiz vəziyyətdə görən R.Abbasov qətl məqsədilə ona bıçaq zərbəsi endirir. Bu vaxt dayısının həyat yoldaşı Ulduz Hüseynova onu görür və Rəşadı qucaqlayıb sakitləşdirmək istəyir. Həmin vaxt Rəşad Ulduz Hüseynovanı qətlə yetirir. Daha sonra o, dayısına daha bir neçə bıçaq zərbəsi də endirərək hadisə yerindən qaçır.
R.Abbasov yenidən anası, qardaşı və qardaşı arvadını öldürmək üçün evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılır.
R.Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29.120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Samir Əli