Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hüseyn Abdullayevə ağır cəza istənildi
"Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə Hüseyn Abdullayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən sabiq deputat ittihamçının çıxışını istintaq təcridxanasından veb-kamera ilə izləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Xatırladaq ki, H.Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə H.Abdullayev azadlığa çıxa bilməyib.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elgün Həsənli