Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin 134 min manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədovanın barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a onun vəkili Feyzulla Mehdiyev məlumat verib.
Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov vəsatəti təmin edib. S.Məmmədova məhkəmə zalından azadlığa buraxılıb.
Daha sonra Nərimanov Rayon Prokurorluğu məhkəmənin qərarından narazı qalaraq, apellyasiya protesti verib. O, S.Məmmədovanın həbs edilməsini tələb edib.
Bakı Apellyasiya Məhkəməsində, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, prokurorluğun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. S.Məmmədovanın barəsində yenidən həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Vəkil F.Mehdiyev bildirib ki, müvəkkilinin barəsində irəli sürülmüş ittihamla razı deyillər.
A.M.