Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ləğv edilmiş bankın əməkdaşı olmuş şəxs barəsindəki bəraət hökmü DƏYİŞDİRİLDİ
Əmanətlərin Sığortalanması Fondunun qaldırdığı mülki iddia işi üzrə sənədləri saxtalaşdıraraq, məhkəməyə saxta sənədlər təqdim etməkdə təqsirləndirilən ləğv edilmiş "AmrahBank"ın əməkdaşı olmuş Quliyev Pərviz Tofiq oğlu barəsindəki bəraət ləğv edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Qərara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin onun barəsində olan Cinayət Məcəlləsinin 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilməsinə dair verilmiş bəraət qərarı dövlət ittihamçısının protesti əsasında ləğv edilib.
Həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona cəza təyin edilməyib.
İttihama görə, "AmrahBank"ın əməkdaşı olmuş Pərviz Quliyev həmin bankdan kredit götürüb və kredit ödənişlərində gecikmələr olub. Bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. Həmin mülki iddiaya Xətai Rayon Məhkəməsində baxılıb. P.Quliyev iş üzrə məhkəməyə kreditin tam ödənilməsinə dair həmin bankdan tanışları vasitəsilə əldə etdiyi saxta sənədləri təqdim etməkdə təqsirli bilinib.
Həmçinin ittihamda qeyd olunub ki, o, bankın İdarə Heyətinin sədrinin imzasını saxtalaşdırıb.
Pərviz Quliyev ittiham üzrə özünü təqsirli hesab etməyərək bildirib ki, bankdan götürdüyü krediti tam ödəyib, lakin bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. P.Quliyevin sözlərinə görə, məhkəməyə təqdim etdiyi kredit ödənişlərinin tam ödənilməsinə dair sənədi bankdan əldə edib.
Prosesdə bankın idarə heyəti olmuş şəxs Almaniyada yaşadığı üçün videoformatda ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənəd bankın qaydaları əsasında tərtib olunmayıb. Şahid əlavə edib ki, bankın möhürü işdə olarkən özündə olub. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədə möhür başqa vaxt vurulub.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq
- Azərbaycanda ilin hakimləri bəlli oldu
- "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
- Hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib
- Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı