Sabunçu rayonu ərazisində lombard işi ilə məşğul olan qadın saxlanılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən bildirir, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq maddələri ilə təqsirli hesab olunub.
Bakıxanov qəsəbəsində lombard xidmətləri göstərən Türkanə Ağayeva fəaliyyəti dövründə 17 vətəndaşın etibarından sui-istifadə etməkdə ittiham olunur. Polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilən qadın barəsində məhkəmə hökmünə qədər həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işinin materiallarına görə, T.Ağayeva kredit müqabilində girov qəbul etdiyi qızıl-zinət əşyalarını borc tam ödənildikdən sonra sahiblərinə qaytarmaqdan imtina edib. Bununla yanaşı, o, bank və lombard hərraclarından ucuz qızıl alıb, daha baha sataraq qazanc vəd etməklə ayrı-ayrı şəxslərin pul vəsaitlərini və qızıllarını mənimsəyib.
"Lombard Türkanə" ləqəbi ilə tanınan şəxsin zərərçəkənlərə vurduğu ümumi maddi ziyan təxminən 400 min manat təşkil edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan və prosesə sərbəst gələn təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, sübutlar onun günahını təsdiqləyib. Məhkəmənin hökmü ilə Türkanə Ağayeva 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalında həbs olunub.