Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından mərhum sənətkar, balaban ifaçısı Mehdi Ələkbər Nəzərliyə məxsus 6 musiqi nəfəs alətləri oğurlanıb.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a əməkdar artist, Mehdi Ələkbər Nəzərlinin nəvəsi Ədilə Əflaki bildirib.
Ə.Əflaki bildirib ki, musiqi nəfəs alətlərinin oğurlanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinə məktubla müraciət olunub:
“Mən bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət məktubu göndərdim. Xahiş etdim ki, bu məsələ araşdırılsın və mənə cavab verilsin. Nəfəsli alətlərin üstündə “n” hərfi yazılıb. Mehdi babam Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Babam dünyasını dəyişəndən sonra bu 6 musiqi aləti Azərbaycan Dövlət Filarmoniyasına aparılıb və orada saxlanılıb. Bu alətlər uzun müddət filarmoniyanın eksponatlar sərgisində nümayiş olunub. Bunu tarzən Firuddin Ələkbərli də deyib.
O deyir ki, bu alətlər filarmoniyanın sərgisində şüşənin altında olub. Niyazi dünyasını dəyişənə kimi bu 6 musiqi nəfəs aləti orada olub. Niyazi ölən kimi bu alətlər oğurlanıb. Niyazinin vəfatı zamanı ara qatılıb, kim nə istəyib aparıb. Mən deyə bilmərəm o dövrdə mədəniyyət naziri kim olub. Amma bütün hallarda bu alətlər Azərbaycandan çıxarılıb. Hara satılıb, niyə satılıb, mənə məlumat verilsin”.