Bu gün 25 yaşlı Moskva sakini Yeqor Şerbakovun qətli haqqında iş üzrə müttəhim elan edilmiş azərbaycanlı Orxan Zeynalov bu cinayəti törətmədiyini, ümumiyyətlə həmin gün hadisə yerində olmadığını bəyan edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin Orxanın günahını etiraf etdiyini, oktyabrın 10-na keçən gecə Vostryakovski keçidində Yeqor Şerbakova ölümcül zərbəni məhz özünün vurduğunu etiraf etdiyini bildirmişdi.
Bu gün isə Azərbaycan vətəndaşı bəyan edib ki, ümumiyyətlə cinayət törədilən yerdə olmayıb və qətl törətməyib.
Rusiya İstintaq Komitəsinin Baş təhqiqat idarəsinin nümayəndəsi Sergey Stukalovun bəyan etdiyinə görə, bu gün Orxan Zeynalova qarşı “Xuliqanlıq məqsədilə qətl” maddəsi üzrə ittiham irəli sürülüb.
Beləliklə, indi həmvətənimizi ömürlük həbs cəzası gözləyir, “İnterfaks” xəbər verir.
Qeyd edək ki, bundan əvvəl cinayət işi Rusiya CM-in 105-ci maddəsinin 1-ci hissəsi üzrə qaldırılmışdı. Həmin maddə maksimum 15 il həbs cəzasını nəzərdə tuturdu.