Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda 3900 partlayıcı oyuncaq aşkar edərək götürüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Xəzər, Qaradağ və Sabunçu rayonları ərazisində səyyar ticarətlə məşğul olan Azər Hacıyevdən, Etimad Əkbərovdan və Tərlan Dəmirçiyevdən yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 3900 ədəd partlayıcı oyuncaq götürülüb.
Dekabrın 17 polis əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 33 nəfər saxlayıblar. Onların barələrində müvafiq tədbir görülüb.
Daha bir hadisə Bakının Nəsimi rayonunda baş verib. Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-də Elza Bəkirovanın və Səbinə Cəfərlinin pullarını soyğunçuluq yolu ilə almış şəxslər müəyyənləşdirilib. Lerik rayon sakini Elxan Əliyev və Biləsuvar rayon sakini Baba Hüseynli tutularaq istintaqa təhvil verilib.
Həmin gün Sumqayıtda “F-1” qumbarası və 29 ədəd avtomat patronu aşkarlanıb.
Belə ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Həmid Pirverdiyevdən “F-1” qumbarası və 29 ədəd avtomat patronu götürülüb.
Ağcabədidə isə “E-Manat” ödəmə terminalında oğurluq olub.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki mağazalardan birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 3500 manat oğurlamış şəhər sakini Xəyal Talıbov tutulub.
Tərtərdə silahlı insident baş verib.
Dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib.
N.Aslanov könüllü olaraq Tərtər RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.
E.Ə.
www.oxu.az