Qusar rayonunda 26 yaşlı qadın münasibətdə olduğu kişini intim görüntüləri ilə şantaj edib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Bahar 1968-ci il təvəllüdlü Elsevərlə (adlar şərti verilib - red.) Qusarda yerləşən Yeni Yaşayış massivindəki evində görüşüb. Elsevərlə cinsi əlaqədə olmasını telefonunun videokamerası ilə çəkib, sonra görüntüləri onun telefonuna göndərib. Çəkdiklərini sosial şəbəkələrdə paylaşmaqla hədələyərək ondan 3 500 manat məbləğində pul tələb edib.
İstintaq orqanı tərəfindən Baharın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını, yaxud əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə Bahar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, videonu Elsevərin öz xahişi ilə çəkib:
"Sonradan baxıb həzz alması üçün videonu mənə çəkdirdi, ona göndərməyimi istədi. Mən onu şantaj etməmişəm, pul tələbim olmayıb. O, özü mənə 300 manat verəcəyini demişdi. Mən də özümdən asılı olmadan Elsevərdən 200-300 manat istəməli oldum. O, xahiş edəndə mən videonu vermədim. Sonra özü mənə pul verəcəyini dedi. Ancaq videonu Elsevərə yollamadım, buna görə münasibətlərimiz pozuldu".
Təqsirləndirilən şəxs Elsevərdən 3 500 manat tələb etməsi və onu hədələməsi barədə deyilənlərin yalan olduğunu iddia edib: "Elsevərin telefonu var. Amma həmin vaxt şarjda olduğundan videonu öz telefonumla çəkdim. Elsevərlə "WhatsApp" yazışmalarımız olmayıb, düşmənçilik etməmişəm".
Məhkəmə sənədlərindən məlum olub ki, təqsirləndirilən şəxs bu ifadəsini özünümüdafiə üçün səsləndirib. İbtidai istintaqa ifadəsində isə törətdiyi əməli tam etiraf edib. Bahar ibtidai istintaqa bildirib ki, 2017-ci ildə ailə qurub, 2021-ci ildə əri vəfat etdiyindən Quba şəhərində valideynləri ilə birlikdə yaşamağa başlayıb:
"Amma 9 ay əvvəl valideynlərimlə yola getmədiyim üçün Qusarda kafeyə ofisiant işinə düzəldim. Qusarda kirayə ev tutub yaşamağa başladım. 2025-ci ilin qış aylarında işlədiyim kafeyə əvvəllər tanımadığım Elsevər adlı şəxs gəldi. O, məni yanına söhbətə dəvət etdi. Mən də buna razılıq verdim".
Bahar deyib ki, Elsevər bir neçə dəfə kafeyə gəlib, onunla söhbət edib, aralarında ünsiyyət yaranıb: "Təbabətlə məşğul olduğunu bildirəndə övladım xəstə olduğu üçün ondan kömək istədim. Bir neçə dəfə xəstə övladım üçün dərman alıb verdi. Daha sonra əlaqələrimiz kəsildi".
Baharın sözlərinə görə, 2025-ci ilin avqust ayının sonlarında Elsevər ona zəng edib, "WhatsApp"da yazışmağa başlayıblar: "O mənimlə intim əlaqədə olmağı, seksual xarakterli hərəkətlər etməyi təklif etdi. Mən də razılaşdım. Sonra bazarlıq edərək yaşadığım evə gəldi. Evdə əyilərək iyrənc formada seksual xarakterli hərəkətlər etdi. Mobil telefonun kamerası ilə videoçəkiliş etdim. İkinci dəfə eyni hərəkətləri təklif edəndə razı olmadım və onu evdən qovdum".
Bahar qeyd edib ki, Elsevər getdikdən sonra mobil telefonunda olan intim görüntülərlə ondan pul almaq qərarına gəlib: "WhatsApp"da Elsevəri intim hərəkətlərinin görüntülərini internetdə yaymaqla hədələdim, ondan 3 500 manat tələb etdim. Görüntüləri özünə də göndərdim. Elsevər məndən vaxt istədi, razı olmadım. Bundan sonra məni Qusar Rayon Polis Şöbəsinə gətirdilər".
İş üzrə zərərçəkmiş Elsevərin sözlərinə görə, Bakı şəhərində bioloji qida vasitələri satan şirkətdə qeyri-rəsmi məsləhətçi işləyir: "2025-ci ilin qış aylarında dostum Telmanla birlikdə Qusar şəhərində kafeyə getdik, kofe içdik. Telman məni kafedə ofisiant işləyən Bahar adlı xanıma təqdim edərək bioloji təbabətlə məşğul olduğumu bildirdi. Bahar isə övladında nitq qüsurları olduğunu dedi, köməklik göstərməyimi xahiş etdi. Avtomobildən dərman götürüb ona verdim. Bununla aramızda ünsiyyət yarandı. Təxminən 10 gün sonra ünsiyyətimiz kəsildi".
Elsevər deyib ki, 2025-ci il avqust ayının sonlarında Bahar "WhatsApp"da ona yazıb: "O, işdən çıxdığını, sevgilisindən ayrıldığını bildirdi, məni öz evinə dəvət etdi. Aramızda intim mövzularda da söhbət oldu. Sonrakı gün axşam saat 20 radələrində Qusar şəhərinə gəldim, bazarlıq edərək Baharın evinə getdim. Birlikdə spirtli içki içdik. Onunla intim hərəkətlərlə məşğul oldum. Bahar prosesi mobil telefonunun kamerası ilə qeydə aldı".
Elsevər bildirib ki, Bahar sonradan onu çəkdiyi video görüntünü sosial şəbəkələrdə yayacağı, onu rüsvay edəcəyi ilə hədələyib, 3 500 manat tələb etdi:
"Axşam saat 21:40-da Baharın evindən getdim. O, çəkdiyi videonu "WhatsApp"da mənə göndərdi, ertəsi gün saat 11-dək 3 500 manat pulu ona çatdırmağımı tələb etdi. Mən də Qusar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim".
Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Bahar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.