Bu gün Nərimanov məhkəməsində Nəqliyyat Nazirliyinin sabiq müşaviri Çingiz Baxşıyevi şərləməkdə ittiham edilən Rövşən Əhmədovun işi üzrə məhkəmə prosesi baş tutub.
Ç.Baxşıyevin vəkili Ceyhun Yusifovun Oxu.Az-a verdiyi məlumata görə, hakim Samir Məmmədovun çıxardığı qərarda təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə islah əmək işləri hökmü oxunub.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin işgüzar nüfuzuna vurulan ziyan qarşısında bu cəzanın az olduğunu bildirdi: “Rövşən Əhmədov Çingiz Baxşıyevin çox ağır cinayətlərdə ittiham edilməsilə bağlı bir çox KİV-lərdə açıqlamalar verərək onu gözdən salmış və işgüzar nüfuzuna böyük zərər vurmuşdur. Bütün bunların qarşılığında ona verilən bu cəza bizi qane etmir. Çingiz Baxşıyev Rövşən Əhmədov tərəfindən dəfələrlə ictimai şəkildə şər və böhtana məruz qalmışdır”.
Xatırladaq ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu təxminən 7 kq çəkidə olan 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilərək məhkəmə zalından azadlığa buraxılıb. Rövşən Əhmədov azadlığa çıxdıqdan sonra KİV-də sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.
İşgüzar nüfuzunun ictimai şəkildə ləkələnməsini əsas gətirən Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.
Z.Q.
www.oxu.az