Bakıda arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.
Xatırladaq ki, hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Nizami Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-də saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.