Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Səxavət İsmayılovun həyat yoldaşı Gülnisə İsmayılovanın ifadəsi dinlənilib.
"Səxavət hər gün işə gedəndən sonra bir neçə dəfə mənə zəng vurub halımızı soruşurdu. Həmin gün səhər onun yeməyini verib, işə yola salmışam, amma bütün günü bir dəfə də olsun zəng eləmədi. Axşam gördük polislər gəldilər həyət-bacada axtarış aparmağa başladılar. Ondan sonra dedilər ki, Səxavəti öldürüblər".
Daha bir neçə nəfər şahid məhkəmədə ifadə verməyə dəvət olunsa da, həmin şəxslər ifadə verməyə gəlmədiklərindən məhkəmə onların məcburi gətizdirilməsi ilə bağlı qərar qəbul edib.
Növbəti proses sentyabrın 15-nə təyin edilib.
Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Gülnar Müzəffərovanın qardaşı Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Elgün Həsənli