Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışlarından sonra təqsirləndirilənlərə son söz verilib.
Müşavirədən sonra hökm elan edilərək Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 İl, Elçin Əzizov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.