Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baş tutan prosesdə məhkəməyə təqdim edilən vəsatətə baxılıb.
Xəqani Ömərovun vəkili müvəkkili barəsindəki cinayət təqibinə xitam verilməsi üçün vəsatət verib. Vəkil vəsatətini əsaslandırarkən deyib ki, Xəqani Ömərovun Suriyaya pul göndərməkdə məqsədi terrorun maliyyələşdirilməsi yox, müəyyən adamlara maliyyə yardımı etmək olub. Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.
Sonra məhkəmə iclası şahidlərin ifadələri ilə davam edib. Daha sonra prosesdə müəyyən səbəblərə görə iştirak edə bilməyən şahidlərin istintaqa verdikləri ifadələri də elan olunub.
Növbəti iclas oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli