Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş qərargahında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş birinci “Beynəlxalq səhnə əsərləri müsabiqəsi” qaliblərinin təqdimat mərasimi keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, mərasim Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun çıxışı və Haldun Tanerin yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafat alanlar sırasında Azərbaycanın tanınmış yazıçı-dramaturqu, Əməkdar İncəsənət Xadimi Afaq Məsud da vardır. Onun “Mənsur Həllac” əsəri “Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasında yer alıb.
“Mənsur Həllac” əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qalib əsərlər, eyni zamanda türkdilli ölkələrin teatrlarında səhnəyə qoyulmaq hüququ qazanıb.
Sonda Ankara kisik teatrının səhnəsində Haldun Tanerin “Gözlərimi kaparım, vazifemi yaparım” tamaşası göstərilib.