Ötən gün Flame Towers-də yerləşən Fairmont Hoteldə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Addım” Gənclər Təşkilatının təşkilatçılığı ilə 18 iyun milli insan hüquqları gününə həsr olunmuş “İnsan Hüquqlarına dair gənclər arasında qısametrajlı film müsabiqəsinin” mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev açıb. Daha sonra Addım Gənclər Assosiasiyasının sədri Hüseyn Cavadzadə çıxış edib. Layihənin ilkin təlim mərhələsi barədə məlumat verilib, videosujet yayımlanıb.
Qeyd olunub ki, bundan öncəki mərhələdə iştirak edən təlim iştirakçıları “Gənclər evi” fəaliyyət göstərən rayon və şəhərlərdən seçilmiş 50 nəfər ictimai fəal gənc olub. Tədbirin fərqləndirici xüsusiyyəti ondan ibarət olub ki, iştirakçılar yaradıcı gənclər arasından seçilib və təlimin gedişatı zamanı onlar insan hüquqları sahəsinə aid olan mövzularda qısametrajlı videolar və sosial çarxlar üçün ssenarilər yazıblar. Təlim kursunun davamı olaraq, cari ilin may-iyun aylarında iştirakçılar çəkilişlər aparıb və qısametrajlı filmlər hazırlayıblar. Daha sonra gənclərin hazırladıqları filmlər nümayiş olunub. Sonda münsiflər heyətinin qərarı ilə 1-ci yerə Orxan Cahangir, 2-ci yerə Cavanşir Eladisoy, 3-cü yerə Namiq Zeynalov, ADDIM-ın xüsusi mükafatına isə Leyla Safar layiq görülüb.
Tədbirdə eləcə də, Ombudsman aparatının sektor müdiri Rəşid Rumızadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, dramaturq Əli Əmirli və başqaları iştirak ediblər.
Layihənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini insan hüquqlarının qorunmasına cəlb etmək və gənclərin insan hüquqları ilə bağlı biliklərini artırmaqdan ibarətdir.
Aytən Sadıqzadə
www.oxu.az