Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi (lirik koloratur soprano), opera artisti Şövkət Məmmədova opera partiyaları ifa edən ilk peşəkar milli sənətkarımız olub. Digərlərindən fərqli olaraq, klassik Avropa üslubunda oxuyan müğənni həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.
Oxu.Az xəbər verir ki, Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olub.
Atası altı yaşında onun musiqiyə olan marağını görür. Bu səbəbdən atası 1910-cu ildə milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyilə onu Bakıya göndərir. Nənəsi ilə Bakıya gələn Şövkət 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur.
Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsildiyi üçün o, təhsilini Tiflis musiqi məktəbində davam etdirməli olur.
Musiqişünasların ehtimallarına görə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Belə ki, gözügötürməyənlər Milanda təhsil alan bu xanım barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar.
Böyük səhnəyə gedən yol onun üçün çətin olur…
Tağıyevlə arası dəyən müğənni 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir.
Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulmuşdu. Amma qadının səhnəyə örtüksüz çıxması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir.
Qoçular Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova elə Tiflisdə musiqi təhsilini davam etdirir.
1915-ci ildə Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olan müğənni A.Şperlinqin vokal sinifində oxuyub. Məşhur bəstəkar Reynqold Qlier ilə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib.
1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri gürcü dərnəyində hazırlanan Valerian Qunianın “Qardaş və bacı” (Marina), David Eristavinin “Vətən” operalarında, Şalva Dadianinin “Şeni çiri me” (“Qadan alım”) komediyasında, Valerian Qunianın “Vəkili yanında” (Naznani), “Vəba vaxtı” (Eteri) məzhəkələrində çıxış edib.
Şövkət Məmmədovanın təşəbbüsü ilə Azərbaycana gələn Reynqold Qlier Bakı səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.
Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.
1921-ci ildən Şövkət Məmmədova Rusiya, Fransa, İtaliya, İran və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı isə yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə yarımçıq qalan təhsilini 1927 və 1930-cu illərdə tamamilə bitirir.
Şövkət Məmmədova opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Bu ifalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.
Müğənni 1923-cu ildə Azərbaycanda Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır.
Eyni zamanda, həmin il onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. 1923-1925-ci illərdə texnikumun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
Teatra da böyük marağı olan müğənni 1939-1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə həmin teatrda Əfrasiyab Bədəlbəylinin yazdığı və Azərbaycanın ilk baleti olan “Qız qalası”nın ilk tamaşası 1940-cı ilin aprelin 18-də nümayiş olunub.
Şövkət Məmmədova 1945-ci ildən ömrünün son günlərinədək Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə peşəkar vokal dərsləri verib. SSRİ Xalq artistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev və başqaları onun tələbələri olub.
Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınaraq vala yazılıb.
Şövkət Məmmədova Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə iki dəfə “Lenin ordeni”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. 1938-ci ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
1981-ci il iyunun 8-də vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.
Sevinc Yasinqızı
Rəylər