Oktyabrın 14-də “Addım” Gənclər Təşkilatının təşəbbüsü ilə “Teatra “Addım”la” layihəsi çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının eksklüziv nümayişi keçirilib.
Oxu.Az xəbər verir ki, gecənin ulduz qonağı Xalq artisti Fəxrəddin Manafov olub. O, 4 illik fasilədən sonra məhz bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb.

Premyerası ötən mövsümün sonunda baş tutan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
“Kazanova: sevgi dərsləri” əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Baş rol - Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov ifa edib. Tamaşada həmçinin Xalq artisti Yuri Balıyev, Əməkdar artist Firdovsi Atakişiyev çıxış edib.
Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa ediblər.
Tamaşadan sonra izləyicilər Xalq artisti Fəxrəddin Manafovla fotoşəkil çəkdirmək imkanı qazanıblar.
Aytən Sadıqzadə
www.oxu.az