Aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 “Qremmi” və 4 “Emmi” mükafatı laureatı İtzhak Perlmanın konserti keçirilib. Klassik musiqi gecəsi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Oxu.Az xəbər verir ki, İtzhak Perlman Bakı tamaşaçıları qarşısında tanınmış pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edib. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethoven (1770-1827), Rixard Ştrauss (1864-1949) və Klod Debüssinin (1862-1918) ölməz əsərləri təqdim olunub.
Heydər Əliyev Mərkəzində çıxış etməkdən məmnun olduğunu söyləyən İtzhak Perlmanın konsertində tamaşaçılar zövqlü anlar yaşayıb. Seyrçilərin ardı-arası kəsilməyən alqışları musiqiçiləri yenidən səhnəyə qayıtmağa və yeni əsərlər ifa etməyə vadar edib.
Konsert proqramının sonunda İtzhak Perlman Şimali Amerikadan çıxışını izləmək üçün Bakıya gələn fanat qrupu ilə görüşüb.