Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranın Ermənistandakı səfirindən ölkəsinə zərbə - Sübhani tapşırığı ermənilərdən alır?
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Bakı-Tehran-İrəvan üçbucağı ətrafında dağıdıcı ruhlu açıqlamaları ilə yadda qalıb. O, "Azadlıq radiosu"nun Ermənistan bürosuna verdiyi müsahibəsində Rəsmi Bakı əleyhinə növbəti dəfə sərsəm fikirlər səsləndirib. Səfir bununla nəinki Ermənistanın maraqlarına xidmət etdiyini, hətta özünü bu ölkənin rəsmisi kimi apardığını nümayiş etdirməkdən də çəkinməyib. Xüsusən də İranda azərbaycanəsilli Məsud Pezeşkianın prezident seçilməsi və Tehrandakı səfirliyimizin bərpa olunduğu ərəfədə onun belə mövqe sərgiləməsi və bunu ölkəsinin rəsmi mövqeyi kimi təqdim etməsi bir sıra suallar yaradır. Məsələn, səfirin müsahibəsində xüsusilə diqqəti çəkən bir neçə məqama diqqət yetirək.
Sitatlar: "Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir"; "Qarabağ ermənilərinin aqibəti yara kimidir və müalicə olunmalıdır"; "İranın Ermənistanla sərhədlərinin təhlükəsizliyi hələ də bizim "qırmızı xətt"imizdir".
Səfirin obyektivlikdən uzaq bu fikirləri onun qərəzli olmasına heç bir şübhə yeri qoymur. İndi isə sual yaranır: Azərbaycan-İran münasibətlərinin yenidən artan xətt üzrə inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda Sübhaninin təxribatçı açıqlamaları nədən qaynaqlanır?
Oxu.Az-ın mövzuya dair suallarını VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu cavablandırıb:
- İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin məlum müsahibəsi hər şeydən əvvəl onun göstəricisidir ki, səfir öz ölkəsinin mövqeyinə açıq-aşkar hörmətsizlik göstərir. Çünki xatırlatmaq yerinə düşər ki, İran öz ərazisində "Azadlıq radiosu"nun fəaliyyətini qadağan edib. Belə olan halda, ortaya çıxan birinci budur: necə ola bilər ki, İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani İranda fəaliyyəti qadağan olunmuş mənbəyə müsahibə verir? İlk növbədə, bunun özü araşdırılmalıdır.
Məsələnin digər tərəfi isə Sübhaninin müsahibəsində səsləndirdiyi fikirlərlə bağlıdır. Onun sözlərinə görə, guya ermənilər Azərbaycan ərazilərini könüllü tərk etməyiblər, bu da açıq-aşkar faktın təkzib olunmasıdır. Sübhani bilməmiş deyil ki, Prezident İlham Əliyev şəxsən reinteqrasiya təşəbbüsünü irəli sürüb və uzun müddət ermənilərin yaşadığı ərazilərimizdə müxtəlif dillərdə radio vasitəsi ilə bildiriş səsləndirilib ki, reinteqrasiya üçün hansı addımları atmaq lazımdır. Bunun özü də Azərbaycanın ermənilərə humanist yanaşmasının göstəricisi idi. Həqiqətən də, biz Azərbaycan ərazilərindəki ermənilərə reinteqrasiya çağırışları etdik və onlara bildirildi ki, Azərbaycan qanunlarına, Konstitusiyasına tabe olaraq digər xalqların nümayəndələri kimi tam təhlükəsiz şəraitdə Azərbaycan ərazisində yaşamaq imkanına sahibdirlər. Lakin onlar könüllü şəkildə Azərbaycan ərazilərini tərk etməyi seçdilər.
- Bu məsələnin pərdəarxasında həm də Ermənistan və havadarlarının hiyləgər planı dayanırmı?
- Onlar məqsədyönlü şəkildə ərazilərimizdəki ermənilərin getməsini təşkil etdilər ki, gələcəkdə Azərbaycana qarşı ittiham alətlərini, eləcə də yeni gərginlik ocaqları yaratmaq imkanını əllərində saxlasınlar. Bunun nəticəsidir ki, biz zaman-zaman ermənilərin Azərbaycan ərazilərindən çıxması üzərindən ölkəmizə qarşı əsassız ittihamlar irəli sürüldüyünü müşahidə edirik. Bunun özü də bir daha ona dəlalət edir ki, İranın Ermənistandakı səfiri bir kəlmə də olsun Azərbaycanın reinteqrasiya çağırışlarına toxunmur, amma ermənilərin təhlükəsizliyindən danışır.
Sübhani yaxşı bilir ki, Azərbaycan ərazisindəki ermənilər Ermənistan pasportuna sahibdilər. Bu da o deməkdir ki, onlar Ermənistan vətəndaşları idilər. Belə olan halda, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində Azərbaycanın Miqrasiya Məcəlləsini 30 il ərzində, özü də kobud şəkildə pozmalarına görə hansı məsuliyyət daşıdıqlarını Sübhani səsləndirsə, yaxşı olardı. Çünki bunun özü ayrıca cinayət məsuliyyətini nəzərdə tutur.
- Maraqlıdır ki, bu gün Mehdi Sübhani qədər İran-Azərbaycan əlaqələrinə zərbə vuran ikinci şəxs yoxdur. O, öz fəaliyyəti, açıqlamaları ilə maksimal şəkildə iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışır. O da məlumdur ki, səfir özbaşına, individual mövqe sərgiləyə bilməz. Bəs rəsmi Tehran Sübhaniyə niyə mane olmur?
- Əslində, həmin diplomatın mövqeyi İran hakimiyyətinin mövqeyi ilə ciddi ziddiyyət təşkil edir. Çünki həmin müsahibədə təkcə Azərbaycan ərazisindən gedən ermənilərlə bağlı yox, digər xarakterli suallar da var idi ki, səfirin onlara verdiyi cavablar da rəsmi Tehranın sərgilədiyi mövqe ilə ziddiyyət təşkil etməkdədir. Ona görə də hesab edirəm ki, İran rəhbərliyi bununla bağlı ölçü götürməlidir. Çünki diplomatın mövqeyi ölkəsinin mövqeyini əks etdirməlidir. Amma biz bunun əksini görürük.
- Mehdi Sübhani Azərbaycanı daim sərt tənqid edən iranlı jurnalist Ehsan Mohavedianla sıx əlaqədədir və mütəmadi olaraq onunla eyni mövqedən çıxış edir. Onların hər ikisi isə İranın azərbaycanəsilli yeni Prezidenti Məsud Pezeşkiana nifrət edir, onun dövlət başçısı seçilməsini az qala matəm kimi qarşılayırlar. Onların aktivləşməsində Pezeşkian amili də rol oynaya bilərmi?
- Məsud Pezeşkian İranın yeni prezidenti kimi, qonşularla münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Deməli, Mehdi Sübhani səsləndirdiyi fikirlərlə həm də İran İslam Respublikasının yeni seçilən prezidentinin iradəsinə qarşı çıxır. Yəni Azərbaycana qarşı əsassız iddialar səsləndirən Sübhani ölkəsinin rəsmi mövqeyinə aşkar şəkildə zidd gedir. Bu baxımdan, düşünürəm ki, Sübhaninin müsahibəsi normallaşmaqda və inkişaf etməkdə olan Azərbaycan-İran münasibətlərinin xarakterinə çox ziddir və münasibətlərin inkişafına zərbə vurmaq xarakteri daşıyır. Pezeşkian prezident seçiləndən sonra praqmatik xarakterli bəyanatlar verib və qonşularla münasibətlərin normallaşdırılmasının tərəfində olduğunu deyib. Deməli, İranın Ermənistandakı səfirinin açıqlamaları məqsədli şəkildə Azərbaycan-İran münasibətlərinə mənfi təsir etmək üçün nəzərdə tutulub. Görünür, səfirin özü də başa düşür ki, yeni hakimiyyət onun əleyhinə qərar verə bilər. Ona görə də maksimum Ermənistan cəmiyyətinin və hökumətinin rəğbətini qazanmaq istəyir. Bunu da Azərbaycanın ünvanına əsassız fikirlər səsləndirməklə edir.
- Sübhani kimi şəxslər İranla Azərbaycan arasında münasibətlərin normal məcrada inkişafında maraqlı deyillər və bu münasibətlərin pozulması üçün əllərindən gələni edirlər. Bəs bu proses hara qədər irəliləyə bilər?
- Azərbaycan bütün qonşu ölkələrlə münasibətlərin inkişafında maraqlıdır. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün "3+3" əməkdaşlıq platforması müzakirə olunur. Ona görə də ilk növbədə İran rəhbərliyi Sübhaninin fikirlərinə reaksiya verməlidir. Çünki bu, ən azından İranın yeni rəhbərliyinin gələcəkdə atmaq istədiyi müsbət addımlarla ziddiyyət təşkil edir, İranın Azərbaycan kimi olduqca potensiallı qonşusu ilə münasibətlərinə mənfi təsir göstərir. Ona görə də İran rəhbərliyi Sübhaninin mövqeyinə öz iradını bildirməlidir.
Aqil Vəlili
"Azərbaycan-İran münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanda səfərdə olan İran rəsmisi COP29 çərçivəsində çıxış edib
- İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası
- İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Azərbaycanın müdafiəsinə qalxdı
- İranda anti-Azərbaycan tədbiri