Qırğızıstan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan müdafiəçilərinə “Dastan” zavodu bazasında torpeda istehsalı üzrə bərabər işləməyi təklif edib.
Oxu.Az knews.kg-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəhbəri Abibilla Kudayberdiyev çərşənbə günü bildirib.
Onun sözlərinə görə, “Dastan” zavodu hər zaman hərbçilərin diqqət mərkəzindədir.
“Beynəlxalq-hərbi əməkdaşlıq məsələləri üzrə hər görüşümüzdə bu məsələni qaldırırıq. Məsələn, Azərbaycan müdafiə və sənaye naziri ilə biz bir neçə zavodu nəzərdən keçirmişik. Azərbaycanda demək olar ki, hər şey: minaatanlar, mərmilər istehsal edirlər, təyyarələri və helikopterləri təmir edirlər. Hərbi sənaye çox güclüdür. Bizim “Dastan” zavodunun istehsal etdiyi məmulatlar Azərbaycan hərbi dəniz donanmasında tətbiq edildiyi üçün bu məsələni qaldırmışıq. Biz torpedaların istifadəsi məsələsini qaldırmışıq, belə ki, onların torpeda zavodu yoxdur”, - müdafiə naziri bildirib.
““Dastan” transmilli korporasiya ASC keçmiş SSRİ ərazisində dəniz silahının, xüsusi təyinatlı sualtı-texniki vasitələrin yaradılması və istehsalı sahəsində aparıcı müəssisələrdən biridir.
“Dastan” mövcud olduğu zaman ərzində keçmiş İttifaqın və əsasən də Rusiyanın hərbi-dəniz donanmasının sərəncamında istifadə üçün bir sıra torpeda silahı, onlarla avtomatik tuşlama sistemləri, kontaktsız partlayıcı, tele-idarə sistemləri və onlar üçün qeyri-standart nəzarət-ölçü avadanlığı hazırlayıb.