Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin təmsilçiləri iyunun 30-da Azərbaycanda erməni diversant Arsen Baqdasaryana baş çəkiblər.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə BQXK-nin İrəvan nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib.
O qeyd edib ki, görüş zamanı Arsen Baqdasaryana aoilə xarakterli informasiya mübadiləsi imkanı təqdim edilib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Arsen Baqdasaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.