Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan təxribatların miqyasını artırır: Hərbi-siyasi sabotajlar nədən xəbər verir?
Son günlər Ermənistan silahlı qüvvələri şərti sərhəd ərazilərində hərbi müstəvidə təxribatlarını yenidən artırıb. Maraqlı məqam odur ki, bu təxribatlar həm də siyasi sabotajlarla paralel irəliləyir. Yəni rəsmi İrəvan həm sərhəddə hərbi, həm də diplomatik cəbhədə siyasi spekulyasiyalarını davam etdirir, münasibətlərin normallaşması ilə bağlı danışıqların müsbət ab-havasına zərbə vurur.
Hərbi-siyasi şərhçi Ramil Məmmədli Oxu.Az-a açıqlamasında deyib ki, 2021-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin qarşısına qoyulan tapşırıqlardan biri də Ermənistan-Azərbaycan şərti sərhədində möhkəmlənmək və bu istiqamətdə lazım olan mühəndis-istehkam işlərini həyata keçirməkdir:
"Ermənistan 2021-ci ildən etibarən işğaldan azad etdiyimiz Kəlbəcər, Laçın, Qubadlı, Zəngilanla şərti sərhəddə, yəni daha dəqiq desək, Göyçə gölündən Araz çayına qədər olan məsafədə yeni mühəndis-istehkam işləri həyata keçirir, səngərlər qazır, müdafiə xətti, müşahidə məntəqələri formalaşdırmağa başlayır. Paralel olaraq isə həmin ərazilərdə yeni ordu birləşmələrinin, yəni Göyçə, Dərələyəz, Qərbi Zəngəzur istiqamətində yeni hərbi hissələrin dislokasiyasını həyata keçirir. Bununla yanaşı, müdafiə sənayesi məhsullarını almağa başladı və bu gün də bu proses davam edir. Əlbəttə ki, bütün bu sadaladığım məqamlar Ermənistanın sülh platformasında qeyri-səmimi təmsil olunmasından irəli gəlir. Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri həyata keçirir və həm delimitasiya, demarkasiya işlərində, həm də ki, sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərdə konkret mövqe nümayiş etdirir. Ermənistan isə qeyri-adekvat münasibət göstərir, həm sülh danışıqlarına sadiq olduğunu deyir, həm də silahlandığını gizlətmir".
Ekspertin sözlərinə görə, burada əsas məqamlardan biri də Ermənistana dəstək verən dövlətlərin, ələlxüsus Qərb cəbhəsinin və Hindistanın regionda sülh və sabitliyə qarşı fəaliyyətidir:
"30 ildən artıq bir müddətdə işğalçılıq fəaliyyəti ilə məşğul olan, qonşusunun - Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan sonda layiqli cavabını alır, lakin bundan qısa müddət sonra onun yenidən silahlandırılması, militarist bir ölkəyə çevrilməsi istiqamətində addımlar atılır. Bu, sülh danışıqlarına, Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlara, danışıqlara xəyanətdir. Ermənistan faktiki olaraq Qafqazda sülh və sabitliyə növbəti dəfə xəyanət edir. Yəni həmişə olduğu kimi, növbəti dəfə də regiona başqa qüvvələri cəlb etməklə Cənubi Qafqazda qeyri-sabit mühitin formalaşmasına təkan verir".
"Düşünürəm ki, Ermənistanın bu addımı region dövlətləri tərəfindən kəskin qarşılanmalıdır. Həm Türkiyə, həm Rusiya, həm də İran Azərbaycanla birlikdə Ermənistana qarşı konkret addımlar atmalıdırlar. Bu, həm iqtisadi, həm də siyasi müstəvidə həyata keçirilməlidir ki, Ermənistan hərbiləşmiş ölkəyə çevrilməsin", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Ermənistanın təxribatları" teqi üzrə xəbərlər
- "Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq" - Deputat
- Hərbi ekspert: "Azərbaycan tərəfə açılan atəşi terror kimi də dəyərləndirə bilərik"
- Ermənistan COP29 ərəfəsində təxribat törədə bilər? - ŞƏRH
- Azərbaycana qarşı yeni təxribat üsulu: Avropa İttifaqının "Binokl diplomatiyası" nəyə işarədir?
- Ermənistanın Rusiyaya daha bir xəyanəti - İrəvan Moskvanı aldatmaqda davam edir