İsveç hökuməti 1915-ci il hadisələri ilə əlaqədar 2010-cu ildə parlamentdə qəbul edilən qərar üzrə “tədqiqat aparılmadan parlament qərarı ilə bir ölkənin soyqırım törətdiyini iddia etmək olmaz” qərarını verdi.
Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, İsveçin Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Boman, Baş nazir Stefan Löfvenin bir neçə gün öncə dediyi sözlərindən sitat gətirərək, “1915-ci ildəki hadisələrin bir qurum tərəfindən tədqiq edildikdən sonra əldə olunacaq nəticəyə əsasən qərar veriləcəyini” bəyan edib.
Bomanın sözlərinə görə, Xarici İşlər Nazirliyi işə başlayıb xalqlar arasında dinc yol ilə məsələnin həllinin tapılmasını istəyir və İsveç parlamentində bu məsələ ilə əlaqədar 2010-cu ildə qəbul edilmiş qərar təxirə salınıb. Boman bu tədqiqatın nəticələrinin əldə edilənə qədər heç bir qərar verilməyəcəyini vurğulayıb.
100 il öncə baş vermiş bir hadisə araşdırılmadan “parlamentin qərarı ilə bir ölkənin soyqırım törətdiyi” qərarını vermək olmaz deyən Boman, tarixçilərin tədqiqatından sonra yekun qərarın veriləcəyini qeyd edib.
İsveç hökumətinin 2010-cu ildə parlament tərəfindən qəbul edilmiş qərarın təxirə salınması ölkədə olan erməni və suryani lobbisinin ümidlərini boşa çıxardı. İsveçin dövlət SVT kanalına verdiyi müsahibəsində Baş nazir Stefan Löfven sentyabr ayında keçiriləcək seçkilərdən öncə söz verməsinə baxmayaraq bu məsələdə geri addım atması və 24 aprel tədbirlərində iştirak etməməsinə təəssüfləndiyini bildirib.
Xatırladaq ki, İsveç parlamentində 2010-cu ildə bu qərar Demokrat partiyası və Yaşıllar Partiyasının müştərək səyi ilə sadəcə bir səsin çoxluğu ilə qəbul edilmişdi. O dövrdə Baş nazir vəzifəsində olan Fredirik Reinfeld və xarici işlər naziri Karl Bildtin qərarın sadəcə kağız üzərində qalmasına nail olması isə erməni lobbisinin narazıçılığına səbəb olmuşdu.