Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid olub, biri isə yaralanıb.
Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 9-da ermənilərin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Avqustun 9-da ermənilərin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.