Vətən müharibəsi günlərində - Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında bir foto çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanıb.

DİN-in Mətbuat Xidməti həmin əməliyyatla bağlı 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsinə dair tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib:
"Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.
Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.
Noyabrın 9-u səhər saat 7 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.
Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.
Bununla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyətlə Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.
Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər".