Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fazil Mustafa: “Manıslar” efirləri zəbt edirlər
Telekanallarda alternativlərin ortaya qoyulmasına, ictimai-siyasi yönümlü debatların, daha ciddi, insanların narahat edən məsələlərə toxunan, onlara diqqət ayıran proqramların sayının artırılmasına ehtiyac var.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Telekanallarla, xüsusilə dövlət büdcəsindən, vətəndaşların vergilərindən gələn gəlirlər hesabına maliyyələşdirilən AzTV və İTV ilə bağlı parlamentdə dəfələrlə məsələ qaldırdığını, amma bu istiqamətdə hələlik köklü dəyişikliklərin baş vermədiyini qeyd edən millət vəkili bu yöndə Milli Məclisdə (MM) hansısa müzakirələrin açılmasına ehtiyac görmədiyini qeyd edib. Bildirib ki, buna ehtiyac duyulmur, çünki ortada hələlik dəyişən heç nə yoxdur.
“Məsələn, AzTV-də həftədə bir dəfə parlamentlə bağlı veriliş və ya plenar, komitə iclaslarından süjetlər gedir. Ancaq həmin verilişlərdə, süjetlərdə deyilir ki, filan komitə sədri danışdı, vəssalam, başqa kimsənin adı çəkilmir. Hansı ki, hər iclasda kifayət qədər maraqlı, ciddi müzakirələr gedir, dəyərli fikirlər səsləndirilir.
Amma bunların biri haqda heç nə deyilmir. Bəzən seçicilər tərəfindən belə iradlar eşidirik ki, niyə filan məsələ barədə danışmırsınız, danışmırlar. Mənim özümə də belə suallar, iradlar ünvanlanır. Mən də deyirəm ki, əksinə, elə biz özümüz bu barədə danışmışıq, amma indi neyləyək ki, efirdə getmir, səsləndirilmir.
Bilirsiniz, mühit, yanaşma dəyişməlidir, alternativlərin olması, daha ciddi proqramların, verilişlərin yayımlanması üçün daha geniş imkan yaradılmalıdır. Bəzən telekanalları da qınamaq olmur.
Onlar ciddi proqramlar, alternativlər olmayanda və ya buna imkan yaradılmayanda efiri nə iləsə doldurmalıdırlar, yəni, belə bir məcburiyyətlə üz-üzə qalırlar. Bu zaman, təbii ki, qeyri-ciddi, mənasız, bayağı, şit, ləhcə üslubunda olan verilişlər, “manıslar” efirləri zəbt edirlər. İnsanlar da məcburən buna baxmaq, meyil etmək zorunda qalırlar.
Mən heç də o fikirdə deyiləm və onunla razılaşa bilmərəm ki, guya televiziyalarda vəziyyət məhz indi belədir, əvvəllər hər şey yaxşı olub. Xeyr, 15-20 il bundan öncə də vəziyyət ürəkaçan deyildi, kimlərsə fironluq, cövlan edirdi. Amma o zamanlar müəyyən bir balans, qeyri-ciddi verilişlərlə yanaşı, ciddi verilişlər, ictimai-siyasi xarakterli debatlar da vardı. İnsanlara nəsə çatdırılırdı.
Amma indi bunlar, demək olar ki, yoxdur, ictimai-siyasi debatlar yox dərəcəsindədir, sanki monoloqdur. Öna görə indi ən azı balans qorunmalıdır, ictimai-siyasi debatlar bərpa olunmalı və artırılmalıdır.
Bunlar olmayanda, təbii ki, efir “manıslar”ın bir-biri ilə mənasız, səviyyəsiz geyim, əda, reytinq, ev, maşın, əmlak mübahisəsinə “yol” açır, onların “ümidi”nə qalır. Yaxud, özümüzün, eləcə də, Hindistanın, başqa ölkələrin primitiv, məzmunsuz dizi filmləri, serialları efirləri doldurur. Odur ki, insanları pisə yox, yaxşıya yönəltmək, efirlərin, verilişlərin səviyyəsini artırmaq və alternativlərin yolunun açılması üçün imkanlar yaratmaq lazımdır. O zaman nəyəsə ümid etmək olar”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az