Hindistanın Kəlkətə şəhərinin mərkəzində yerləşən hotellərin birində gecə saatlarında güclü yanğın baş verib. Nəticədə ən azı 9 nəfər həyatını itirib. Xəsarət alan daha 6 nəfər isə dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Hadisə Qərbi Benqal ştatının yanğından mühafizə idarəsinin qərargahı yaxınlığında, yerli vaxtla təxminən gecə saat 01:30-da qeydə alınıb. Dərhal əraziyə beş yanğınsöndürmə briqadası, eləcə də xilasetmə qrupları və polis işçiləri göndərilərək vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda yanğının səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları 9 nəfərin həlak olduğunu təsdiqləsə də, otaqlarda axtarışlar davam etdikcə ölənlərin sayının arta biləcəyi ehtimal olunur.