29 
May
2019
17:35
99
218
2980
Virtual karabakh

Bahar Muradova: Qarabağda hərb variantı istənilən vaxt gündəmdədir - MÜSAHİBƏ

29 May, 2019
17:35
2980

Bahar Muradova: Qarabağda hərb variantı istənilən vaxt gündəmdədir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarına Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova cavab verir:

- Bahar xanım, ölkə prezidentinin 11 aprel seçkilərindən sonra ötən bir il ərzində həyata keçirdiyi Qarabağ siyasətini, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yönündə yaranan mövcud yeni situasiyanı necə qiymətləndirirsiniz?

- Ölkə prezidenti cənab İlham Əliyevin 11 aprel seçkilərindən sonrakı fəaliyyəti içərisində əhəmiyyətli yer tutan məsələlərdən biri Dağlıq Qarabağ problemi və onun həlli istiqamətindəki beynəlxalq səylərin artırılmasıdır. Ümumiyətlə, ölkə prezidenti Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qarabağ məsələsinə münasibətlə əlaqədar meydana çıxan yeni məqamlara dair mövqeyini elə bir şəkildə qurdu ki, bu istiqamətdə planlaşdırılan təxribatçı cəhdlər alınmadı. Bilirsiniz ki, Paşinyan həm hakimiyyətə gələnə qədərki prosesdə, həm də hakimiyyətə yiyələndikdən sonrakı mərhələdə danışıqlar formatında dəyişiklik təşəbbüsü ilə çıxış elədi. 

Onun, guya, qarabağlıları təmsil etmədiyini, qarabağlıların onu seçmədiyini və bu səbəbdən də qondarma rejimin danışıqlar prosesinə subyekt kimi daxil olması təşəbbüsünü irəli sürdü. Cənab prezident də bu məsələyə dair həm açıqlamalarında, həmçinin, vasitəçilərin bölgəyə səfərləri, beynəlxalq səviyyədə keçirilən tədbirlərdəki görüşlər zamanı Azərbaycanın mövqeyini çox qəti və aydın şəkildə vurğulamaqla, həmsədrlərin belə bir avantürist təklifləri qəbul etməyəcəyinə inamını ifadə etməklə, nəticədə belə bir mövqenin ortada olmasına, format dəyişikliyinin mümkünsüzlüyünə nail oldu. Təbii ki, qarşı tərəfin danışıqlar formatının dəyişməsi istiqamətindəki təklifləri diqqəti əsas məsələdən yayındırmaq məqsədi daşıyırdı və bir növ baş qarışdırmağa xidmət edirdi.

Əslində Paşinyan ittiham etdiyi əvvəlki Sarksyan hakimiyyətindən fərqli olaraq, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hansısa yeni və təsirli mövqelərə malik deyildi. Odur ki, məsələni “tormozlamaq” və diqqəti tamamilə başqa istiqamətə yönəltmək istəyən Paşinyanın bu səylərinin qarşısı alındı. Görünən odur ki, həmsədrlər açıq şəkildə format dəyişikliyinin mümkün olmadığını və danışıqların yalnız iki tərəfinin Ermənistan və Azərbaycan olduğunu birmənalı olaraq vurğuladılar.

Qeyd edim ki, bu, həm əvvəlki sənədlərdə, həm də bu il ərzində həmsədrlərin birgə yaydıqları bəyanatlarda da öz əksini tapıb. Ona görə Paşinyan danışıqların əvvəlki formatına qayıtmağa məcbur oldu. İndi Dağlıq Qarabağda gedən proseslər, Ermənistanla separatçı Qarabağ rejimi arasında ziddiyyətlərin gərginləşməsinə gətirib çıxaran hadisələrin baş verməsi onu göstərir ki, Ermənistanın danışıqlar prosesində mövqeyi zəifləyir. Həmçinin, Ermənistan vətəndaşlarını da artıq Dağlıq Qarabağ məsələsinin bir o qədər ciddi maraqlandırmadığı açıqcasına sezilməkdədir.

Erməni anaları artıq öz övladlarının bu ərazidə həyatını itirməsi ilə barışa bilmir, Dağlıq Qarabağdakı siyasətçilər də özləri üçün Paşinyanı təhlükə kimi görürlər. Həmçinin, Dağlıq Qarabağda yaşayan ermənilərin öz daxilindən bu hadisənin, yəni Dağlıq Qarabağ probleminin girovuna çevrilmələri barədə fikirlər də səslənməkdədir. 

Belə olan təqdirdə, hesab edirəm ki, onlar həqiqətin və ədalətin yolunu tutaraq, üzlərini Azərbaycana, vətəndaşı olduğu ölkəyə çevirməlidirlər. Onlar cənab prezidentdən nicat yolunu istəməlidirlər. Çünki Azərbaycan prezidenti beynəlxalq huquq prinsiplərinə, Azərbaycanın ərazi bütovlüyünə, Azərbaycanın bütün vətandaşların təhlükəsizliyinin təmin olunmasına yönələn həll variantını təklif edir. Bir sözlə, həm beynəlxalq hüquq bizim tərəfimizdə olduğuna, həm vəziyyət getdikcə Ermənistan üçün çox gərginləşdiyinə, həm də artıq Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan erməni əsilli insanların açıqlamalarına görə, hesab edirəm ki, Azərbaycan tərəfinin mövqeyi daha da möhkəmlənir.

- Sizcə, hadisələrin, proseslərin gedişatı hansı tərəfə doğru irəliləyir: sülhə, yoxsa hərbə?

- Hərb variantı istənilən vaxt gündəmdədir. O, gündəmdən çıxmayıb ki?! Bir halda ki, ərazilər hərb yolu zəbt edilib, bir halda ki, təcavüz hələ də davam edir, Azərbaycan da hərb variantına hazır olmalıdır və hazırdır. 

Bu hüququ da Azərbaycandan heç kim ala bilməz və ondan istifadəni də qadağan edə bilməz. Ona görə seçim, qərar qalır Ermənistan tərəfinə, Dağlıq Qarabağ əhalisinə. Çünki onlar yeganə düzgün qərarı verməli, qoşunları işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ermənistan qoşunları çıxarmayacağı təqdirdə isə Qarabağ erməniləri bu prosessin girovu olmaq istəmədiklərini bəyan etməklə bu ağır vəziyyətdən özlərini qurtarmaq üçün vacib bir addım atmış olarlar.

- Bahar xanım, siz həm də qarabağlısınız, Füzuli rayonundansınız və bu gün də həmin rayonun böyük bir hissəsi işğal altındadır. Füzulinin, bütövlükdə Qarabağın işğaldan azad edildiyini eşitsəniz, bu anda nə etmək, hansı addımı atmaq istərdiniz?

- Həmin anda hansı addımı atacağımı bu gün təxmin etmək, əlbəttə çox çətindir. Çünki o, adama elə bir hiss, həyəcan yaşada bilər ki, onu indidən proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, hesab edirəm ki, bizim hər birimiz azərbaycanlı kimi bu barədə eşitməyə yox, Qarabağın azad olunması işinə xidmət etməliyik. Eyni zamanda, məncə, bu gün hamı qarabağlı hesab edilir və bizim hər birimiz bir qarabağlı kimi bu günü yaxınlaşdırmaq üçün həyata keçirilən dövlət siyasətinə dəstək verməliyik.

Bütün mümkün vasitələrdən istifadə edərək, Qarabağın, o cümlədən, bizim doğma yurdumuz Füzulinin, Şuşanın işğaldan azad olunması işinə töhfə verməliyik.

Bu işin öhdəsindən gəldikdən sonra isə əlbəttə ki, “Qələbə” sevincini özünəməxsus şəkildə yaşamağa hər birimizin mənəvi haqqı olacaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri