Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündə Prezident İlham Əliyevin Yunanıstan səfirinə dediklərini xatırladıb.
“Haber Global”ın məlumatına görə, S.Qafarova deyib ki, Azərbaycan həmişə Türkiyənin dəstəyini hiss edib.
Spiker qeyd edib ki, Azərbaycan Tovuz döyüşlərində Türkiyədən çox böyük dəstək görüb.
“Prezident İlham Əliyevin Yunanıstan səfirinə dedikləri hər bir azərbaycanlının ürəyində olan sözlər idi. Azərbaycan Türkiyə ilə təkcə strateji əlaqələri olan ölkə yox, həm də qardaş ölkələrdir”, - deyə S.Qafarova əlavə edib.
Xatırladaq ki, sentyabrın 2-də Prezident İlham Əliyev Yunanıstan səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəni dəstəkləyən bəyanat səsləndirib.
Prezident bildirib ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.